“ Çərpələng uçuran “(resenziya)

thekiterunnerbyhudabi“ Çərpələng uçuran “ romanı son illərdə ərsəyə gətirilmiş möhtəşəm sənət nümunələrindən biridir. Romanın adını tez-tez eşidirdim. Çevrəmdəki tələbə yoldaşlarımın bir-birinə ötürərək oxuduğu, ağız dolusu danışdığı 4-5 kitabdan biri idi. Əsərin adı ilə ilk dəfə ötən mart ayında tanış olmuşdum. Sözün düzü, həmin dövrdəki etinasızlığım və işlərimin çoxluğu ilə əlaqədar olaraq tənbəllik etdim. Lakin, yoldaşlarımın əsər ətrafında davamlı müzakirələri, düşüncələri məni bu əsəri oxumağa sövq etdi. Yaxşı ki oxumuşam…

Bir az müəllif barədə yazmaq istəyirəm. Əfqanıstanda, diplomat ailəsində dünyaya göz açan Xalid Hüseyni daha sonra kiçik yaşlarında ailəsinin ABŞ-da siyasi sığınacaq alması ilə birlikdə Amerikaya köçüb. Hal-hazırda Şimali Kaliforniyada yaşayan Hüseyni 2003-cü ildə ilk romanını – “Çərpələng uçuran”ı qələmə alıb. Müəllifin ilk əsəri olmasına baxmayaraq əsər böyük əks-səda doğurub. Çap olunduğu ildən qısa müddət sonra əsər rekord oxucu sayı əldə edib və 12 milyondan çox satılıb. Əsər böyük ustalıqla qələmə alınıb. İstər peyzajların gözəl təsviri, istər müəllifin sadə dili, istərsə də bir hadisədən digər hadisəyə uğurlu keçidlər və bunun kimi bir çox nüanslar əsəri oxunaqlı edən başlıca amillərdir. Məhz bu uğurlu məqamların nəticəsidir ki, oxucu səhifə-səhifə arxasınca çevirir və ilk cümlələrdən etibarən əsərin təsirinə düşür..

Ümumiyyətlə, əsərdə cərəyan edən hadisələri bir növ Əmir obrazının xronikası adlandırmaq mümkündür. Əfqanıstanın məşhur puştun qəbiləsinin nümayəndəsi olan bu obraz zənnimcə, məhz müəllifin – Hüseyninin prototipidir. Hüseyninin də puştun qəbiləsindən olması, kiçik yaşlarından etibarən ailəsi ilə birlikdə Amerikaya köçməsi, Amerikaya köçdükdən sonra yazıçılıq fəaliyyətinə başlaması Əmir obrazının Hüseyninin prototipi olduğu fikrini qüvvətləndirən oxşar cəhətlərdir. Bütün əsər boyu baş verən hadisələr bu obrazın dilindən verilir.

Hüseyninin bu əsərində qabarıq şəkildə verilən bir sıra insani keyfiyyətlər – vəfa, sədaqət, dostluq – oxucunu təsirləndirən əsas ünsürlərdəndir. Məncə, əsərin sentimental notlara köklənməsində Həsən obrazının rolu danılmazdır. Həm sadiq dost, həm vəfalı nökər olan Həsən obrazı oxucuların rəğbətini qazanmağı bacarır. Lakin həm dostu, həm ağası olan Əmir uğrunda etdiyi fədakarlıqlarının qarşılığını görə bilmir. Əksinə, əsərin bəlkə də ən təsirli məqamlarından biri olan “çərpələng faciə”sinin qurbanı olur. Mavi uçurtmanı qalibə – Əmir ağasına gətirməyə yollanan Həsən, xəzərlərə nifrət edən Asif tərəfindən zorlanır. Həsən Asifin istəyi doğrultusunda uçurtmanı ona verərək geri qayıda bilərdi. Lakin ən çətin məqamda belə dostunu düşündü və ləyaqətinin tapdanılması bahasına uçurtmanı ona gətirdi. Həsəni bu vəziyyətdə görməsinə baxmayaraq, Əmir qorxularının qurbanı oldu. Lakin əsər boyunca həmin gün baş verənlərin üzüntüsündən, peşmanlığından qurtulmağa çox can atdı…

Hüseyninin bu əsərdə oxuculara təlqin etmək istədiyi əsas ideya budur : Hər nə olursa olsun dostluq və sədaqət hər şeyin fövqündə durur. Həsən obrazının timsalında sədaqətlilik, vəfalılıq anlayışlarını ön plana çəkən Hüseyni, Əmir obrazının timsalında isə qorxaqlıq hissini canlandırmışdır.

Əsərin sonunda isə Əmir obrazı mənəvi iztirablardan qurtulmağa nail olur. Rəhim xanın zəngi ilə Pakistana yollanan Əmir, Həsənin doğmaca qardaşı olduğunu öyrənir. Bunun ardından isə, Rəhim xandan Həsənin ölüm xəbərini eşidir və böyük sarsıntı keçirir. Lakin o,Rəhim xandan Həsənin bu dünyada qalan yeganə nişanəsi – oğlu Söhrab barədə məlumatlar da öyrənir və Söhrabı Əfqanıstanın çətin şəraitindən çıxardaraq özü ilə bərabər Amerikaya aparır. Bununla da, Əmir nökəri, sadiq dostu və qardaşı olan Həsənə vəfa borcunu ödəmiş olur…

“ Çərpələng uçuran”ın motivləri əsasında 2007-ci ildə eyniadlı film çəkilib. Əsəri oxuyub bitirdikdən sonra, filmini də izləmək qərarına gəldim. Əsərdən duyduğum məmnunluğu, filmdən duya bilmədim. Çünki əsərin böyük bir hissəsi filmdə ixtisar edilib. Bəzi süjetlər bir-birini tamamlamır. Və ən əsası, bəzi xırda detallar rejissorun diqqətindən yayınıb. Bu detallar, əsərlə vəhdət təşkil etmir. Məsələn, kiçik bir nümunə : oxucuların çox da diqqət etmədiyi Fərid obrazı ( Əmiri Pakistandan Əfqanıstana keçirən obraz). Əsərdə onun sol əlindəki 3 barmağını itirdiyi, maşını 2 barmaqla idarə etdiyi qeyd edilib. Lakin filmdə bu kiçik detal rejissorun diqqətindən yayınıb. Düzdür, bu çox xırda detaldır, və heç bir vəchlə filmin məziyyətlərinə xələl gətirə bilməz. Lakin, rejissor bu detalları nəzərə alsaydı, film də əsər kimi qüsursuz bir örnək olardı.

Əsəri dilimizə tərcümə edən, mənim çox sevdiyim jurnalistlərdən biri olan Xədicə İsmayıla da sonsuz təşəkkür düşür. Çünki, əsərin poetik keyfiyyətlərini sarsıtmadan tərcümə etmək böyük bir peşəkarlıq tələb edir.

Yazımın sonunda isə məni düşündürən bir sualı qeyd etmək istəyirəm. Şübhəsiz ki, bir yazıçının, ümumiyyətlə bir insanın formalaşmasında yaşadığı cəmiyyət böyük əhəmiyyət kəsb edir. Sağlam cəmiyyət, sağlam düşüncəli şəxslər yetişdirir. Görəsən, Hüseyni Amerikada yox Əfqanıstanda yaşasaydı bu cür sensasiya doğuran, rekord oxucu sayı əldə edən əsər ərsəyə gətirə bilərdimi? Bax, budur əsas məsələ…

Orxan Cuvarlı

Bir şərh yazın